FHN Bərdədə yüksaxlama anbarının istismarını dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, agentliyin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “EFE-2018” MMC-yə məxsus yüksaxlama anbarında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. 

Anbarda istismar olunan 1 ədəd körpülü kranın qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı və alətin yoxlanmasının (maqnit tozu, ultrasəs və kimyəvi analiz üsulu ilə) aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yüksaxlama anbarının istismarı dayandırılıb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat