Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev təyin ediliblər. Şura üzvlərinin qərarı əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov Fondun fəaliyyəti barədə hesabatla çıxış edib. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və digər sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Fondun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti dövlətin dini-ideoloji sahəyə olan qayğısının həyata keçirilməsilə yanaşı, tolerantlıq və mədəni müxtəliflik, o cümlədən dinlərarası münasibətlərin möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
İclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun gələcək fəaliyyəti, o cümlədən iclasın gündəliyində əksini tapmış məsələlər ətrafında müzakirələr aparılıb. Şura üzvlərinin rəy və təklifləri əsasında Fondun 2025-ci il üzrə illik fəaliyyət planı müzakirə olunub və gündəlikdəki digər məsələlərlə bağlı qərarlar qəbul edilib.