Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

post-img

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmon ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını, görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

O, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verərək, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Tacikistanın aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Tacikistanın aidiyyəti qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.

Tacikistanın səfiri İlxom Abduraxmon iki ölkə arasında münasibətlərin daim genişləndiyini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu sahədə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sosial həyat