“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 42 ailə olmaqla, 205 nəfərə qucaq açıb.
Şəhərə qədəm qoyan ailələr Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.