Qəhrəman Rahib Məmmədovun xatirəsi anılıb
Dünən Ağdamın Mahrızlı kəndində bu torpağın yetirməsi, 37 il əvvəl fevralın ilk günlərində Gürcüstanda daşqın zamanı çoxsaylı insanı ölümdən xilas edərkən qəhrəmancasına həlak olmuş cəsur əsgər Rahib Məmmədovun xatirəsi ehtiramla yad edildi.
“19 yaşlı xilaskar” adlı mərasimdə əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül dəstələri düzüldü. Məktəbin iclas salonunda keçirilən toplantıda bir zaman adı və hünəri Sovet İttifaqında əfsanəyə çevrilmiş soydaşımızın heç zaman solmayan qəhrəmanlığından xalqımıza başucalığı gətirmiş igidlik çağdaş nəsillərə örnək kimi söhbət açıldı.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, Mahrızlı kənd tam orta məktəbinin direktoru Könül İbrahimova və başqaları çıxışlarında bildirdilər ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.
Ölümündən sonra igid soydaşımız Keçmiş SSRİ-nin qəhrəmanlıq nişanı olan “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbinə onun adı verilib. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Mərasimdə qardaşı Sahib Məmmədovun xatirəsinin əziz tutulmasına görə minnətdarlığını bildirdi.
Xatirə məclisi Rahib Məmmədova həsr olunan “Əbədiyyətə qovuşan ömür” adlı sənədli filmin nümayiş ilə başa çatdı.
R.TAHİR
XQ