Azad Xocalının ilk körpəsi

post-img

Babasının adı verilən Mehdi qoy onun taleyini yaşamasın

Xoş, günəşli 4 fevral səhərində Xocalı yeni doğulmuş çağa səsi ilə şadlandı, körpə qığıltısı gecənin qaranlığını pərən-pərən saldı. Düşmən tapdağından azad edildikdən sonra bu əzəli, əbədi türk yurdunda ilk dəfə dünyaya göz açan azərbaycanlı balası təkcə ailəsinə deyil, bütöv bir xalqa sevinc payı oldu. Hamımızın ürəyindən “bizə bu günləri bəxş edən Allaha şükürlər olsun” nidası qopdu.

“Xalq qəzeti”nin bölgə müxbiri olaraq Xocalı rayonunun Ballıca kəndində doğulan Mehdinin müjdəli xəbərini birinci paylaşmağın verdiyi qürurla Məmmədovlar ailəsinin qonağı olduq, tanrının bəxş etdiyi oğul payının sevincini, həyəcanını yaşayan atası İlqara, baba və nənəsinə gözaydınlığı verdik.

İlqar Məmmədov bizimlə söhbətində bildirdi ki, uşağın da, anası Sevanə xanımın da vəziyyəti qənaətbəxşdir:

– Səhərə yaxın Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə etdiyimiz zənglərə çox operativ reaksiya verildi və qısa müddətdə həm Xankəndi şəhərindən, həm də Şuşadan həkim briqadaları özlərini yetirdilər. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər, uşağın və anasının sağlamlığını nəzarət altında saxlamaq məqsədilə onları Bərdə rayon Doğum Evinə yerləşdirdilər. Fürsətdən istifadə edib hər zaman sağlamlığımızın keşiyində dayanan səhiyyə işçilərinə dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, zəng edən kimi gəldilər.

Babasının adını daşıyacaq Mehdinin çəkisi 3,7 kiloqram, boyu isə 51 santimetrdir. İlqar Məmmədov Xocalıda doğulmuş ilk körpənin valideyni olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini dedi:

– Ballıcaya köçdüyümüz, ata-baba yurdunda yenidən məskunlaşdığımız cəmi 15 gündür. Xəbəri eşidəndə yoldaydım, Bakıdan qayıdırdım. Həyəcandan heç bilmədim yolun qalanını necə gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm ki, işğaldan azad edildikdən sonra doğma Xocalıda ilk dünyaya gələn körpənin atasıyam!

Məlumat üçün qeyd edək ki, İlqar 2016-cı il aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısıdır. Şanlı ordumuzun giziri kimi torpaqlarımızın azad edilməsi uğrunda neçə-neçə qanlı döyüşlərə qatılıb, iki dəfə yaralanıb. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, çoxsaylı təltifləri var. Ərazi bötüvlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ordu sıralarından tərxis olunsa da, Vətən qarşısındakı borcunu bitmiş hesab etməyib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı kimi mənfur düşmən tərəfindən minalanmış torpaqlarımızın təmizlənməsində iştirak edir.

Biz illər boyu bu günlərin xəyalı ilə yaşamışıq. Doğma ev-eşiyindən məcburi köçkün düşmüş insanlarımız hər oğul evləndirəndə, qız köçürəndə “gün o gün olsun ki, növbəti xeyir işlərimizi Qarabağımızda, Şərqi Zəngəzurumuzda edək, övladları o müqəddəs torpaqlarımızda doğulsun”, – deyə dualar etmişik. Bu gün Vətən yolunda canını qurban vermiş şəhidlərimizin, sağlamlığını itirmiş qazilərimizin və sarsılmaz qətiyyəti, polad iradəsi sayəsində Azərbaycanı qalib ölkəyə çevirmiş müzəffər Ali Baş Komandanımızın sayəsində dualarımızın qəbul olunduğu, xəyallarımızın reallığa çevrildiyi gündür. Bundan sonra yeni xocalılılar Mehdi kimi öz ata-baba yurdlarında doğulacaqlar. Qədəmlərin mübarək, oğul bala, azad yurdunda xoşbəxt böyü!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı



Sosial həyat