Sosial xəbərlər

post-img

20 min işsiz özəl biznes qurub

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə növbəti ictimai dinləmə Şabran rayonunda təşkil olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə bildirilib.

Qeyd edilib ki, işaxtaran və işsizlərin, o cümlədən öz biznesini qurmaq istəyənlərin iştirakı ilə keçirilən görüşdə layihənin hədəf və məqsədlərindən, əhatə dairəsindən bəhs edilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, fəaliyyət qaydalarından söz açılıb.

Layihə çərçivəsində avadanlıqlarla təmin edilməklə kiçik bizneslərini uğurla davam etdirən şəxslərin öz işlərini genişləndirməsinə dəstək məqsədilə keçirilən “Həvəsləndirmə mükafatı” müsabiqəsində iştirak şərtləri barədə də məlumatlar verilib. Bildirilib ki, layihə həssas qruplara aid şəxslərin kiçik biznesə çıxışına imkan yaradır. Artıq 20 mindən çox işsiz layihə çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.

Layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.

Hacıqabulda nümunəvi kiçik təsərrüfatlar

Hacıqabulda rayon sakinləri – Məhəmməd Qarayev və Aynurə Mənafovanın kiçik təsərrüfatlarına baxış keçirilib. Proqram çərçivəsində verilmiş aktivlər hesabına M.Qarayev avtotəmizləmə xidmətləri üzrə, A.Mənafova isə dərzi sexini yaratmaqla kiçik bizneslərini qurublar.

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edilib ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

DOST Qarabağda 1600-dən çox bərpa xidməti göstərib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdədə yerləşən Qarabağ Regional DOST Mərkəzinin “RehaPoint”– Reabilitasiya Məntəqəsində bərpa xidmətlərini davam etdirir. 2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə 1600-dən çox əlil bu xidmətlərdən yararlanıb.

Bölgədə yaşayan əlilliyi olanlara burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir. Məntəqədə əlillərə ehtiyaclarına uyğun 800-dən çox bərpa vasitəsi də verilib.

112 nəfər peşə hazırlığından keçib

Dövlət Məşğulluq Agentliyi Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində kurslar təşkil edib. Qurum 112 işsizi əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edib.

Burada müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.

Qurumdan bildiriblər ki, ümumilikdə, hazırda agentlik 175 prioritet istiqamət üzrə kurslar təşkil edib.

Z.HÜSEYNOVA
XQ







Sosial həyat