Böyük Britaniya krallığına daxil olan Şotlandiyada yaşayan azərbaycanlılar üçün Aberdin şəhərində – Gənclər Günü münasibətilə xüsusi mədəni gecə təşkil olunub. Tədbir uzun illər Afrikada yaşayan , Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatının təsisçisi Billurə Bayramova – Bernard ailəsinin Avropada təsis etdiyi BA Mədəniyyət Mərkəzinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutub. Azərbaycan diasporunu bir araya gətirən bu gecə, milli ənənələr, musiqi və ləzzətli yeməklərlə zənginləşən unudulmaz bir bayrama çevrilib.
Bu barədə B.Bernardın XQ-yə verdiyi məlumatda deyilir: “Gecədə Azərbaycanın zəngin mətbəxi nümayiş etdirildi. Tədbir boyu qonaqlara milli təamlarımız ilə bərabər milli musiqilərimiz də təqdim olundu. Bu ləzzətlər tədbir iştirakçılarını doğma vətənlərinə daha da yaxınlaşdırdı, unudulmaz xatirələr oyatdı”.
Tədbir təşkilatçılarının sözlərinə görə, məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycan ruhunun yaşamasına və birlik hissini daha da gücləndirməsinə imkan yaratmaqdır.
Bu təşəbbüs Azərbaycan diasporunun həmrəyliyini və milli kimliyimizin qorunmasının vacibliyini bir daha sübut etdi. BA Mədəniyyət Mərkəzi və ASUA bu cür tədbirlərin davamlı təşkilini dəstəkləyərək, xaricdə yaşayan gənclərin öz köklərindən uzaq düşməməsinə və Azərbaycan mədəniyyətini beynəlxalq müstəvidə təbliğ etməsinə töhfə verməyə davam edəcəklər.
Z.HÜSEYNOVA
XQ