Şəhid ailələri və qazilərə xidmətlər genişlənib

post-img

Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min 400 şəxsə birdəfəlik ödəmə təyin olunub. Həmin qrupa aid olanların mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min 800 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçısı olan 11 min şəxsə 70 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 2263 müharibə əlili 62 min 900 bərpa vasitəsi, o cümlədən 491 şəxs 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Bundan başqa, şəhid ailələri üzvləri və qazi olan 25 min 300 şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12 min 200 nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 369 min xidmət göstərilib.

Zərifə HÜSEYNOVA 
XQ

 

Sosial həyat