ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas “Ukraynada ədalətli və davamlı sülhə” nail olmaq üçün Rusiyaya “maksimum təzyiqi” davam etdirməyə razılaşıblar. Bu barədə AFP agentliyi xəbər verib. Bildirilib ki, Rubio və Kallas arasında ilk telefon danışığı olub. Hər iki diplomat Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə vəziyyət və Çinin yaratdığı problemlər də daxil olmaqla, qlobal məsələlər üzrə Aİ və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı Kallas deyib ki, Avropa Komissiyası Rusiyadan idxal olunan kənd təsərrüfatı məhsulları və gübrələrə rüsumların artırılmasını təklif edib. Yeni tariflərin Rusiyanın ixrac gəlirlərinə mənfi təsir göstərəcəyi qeyd edilib.
Bu arada Avropa Komissiyası (AK) Rusiya və Belarusdan gətirilən bir sıra kənd təsərrüfatı məhsulları və gübrələrə rüsumların tətbiqi təklifini təsdiqləyib. AK-nin saytında dərc olunmuş bəyanatda deyilir: “Təklifin Aİ Şurası tərəfindən qəbul edilməsindən sonra Rusiyadan idxal edilən bütün kənd təsərrüfatı məhsulları bu tarifə tabe olacaq”.
AK vurğulayıb ki, təklifin məqsədi Rusiya və Belarus məhsullarından asılılığı azaltmaqdır: “Bundan əlavə, Aİ tarifləri enerji böhranı zamanı zərər çəkmiş yerli istehsalın artımını dəstəkləyəcək”.
Maraqlıdır ki, yeni rüsumlar Rusiyanın Aİ ölkələri ərazisindən üçüncü ölkələrə ixracına təsir etməyəcək. Bu barədə qurumdan bildirilib: “Bütün kənd təsərrüfatı məhsullarının və gübrələrin Rusiya və Belarusdan üçüncü ölkələrə tranziti Aİ-nin dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini təşviq etmək öhdəliyinə uyğun olaraq dəyişməz olaraq qalır və yeni rusumlar onlara tətbiq olunmur”.
AK-nin təklifi Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməlidir və bundan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, AK Rusiyadan kənd təsərrüfatı məhsullarına rüsumların tətbiqi ilə bağlı ilkin təklifini 22 mart 2024-cü ildə verib. Bu tədbirlər Rusiya taxıl məhsullarının tədarükünün artması halında Aİ bazarında sabitliyin pozulmasının qarşısını almaq üçün nəzərdə tutulur. AK-nin məlumatına görə, 2023-cü ildə Rusiya Aİ-yə təxminən 1,3 milyard avro dəyərində aqrar məhsullar ixrac edib. “Financial Times” nəşrinin yazdığına görə, 2023-cü ildə Aİ-nin Rusiyadan taxıl, yağlı bitkilər və onların məhsullarının idxalı 4 milyon ton təşkil edib. Bu, Aİ-də istehlak həcminin 1 faizini təşkil edir. FT həmçinin bildirib ki, Aİ “fermerləri və bəzi Aİ üzv dövlətlərini sakitləşdirmək üçün” Rusiya və Belarus taxılına hər ton üçün 95 avro rüsum tətbiq edib.
Aİ Rusiyanın kənd təsərrüfatı məhsullarına tariflərin tətbiqindən başqa, bu ölkəyə qarşı sanksiyaların müddətini daha 6 ay müddətinə uzadıb. 2014-cü ildə ilk dəfə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsindən sonra əhəmiyyətli dərəcədə genişləndirilib. Sanksiyalara ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və qiymətli mallar üzrə məhdudiyyətləri əhatə edən geniş spektrli tədbirlərdən ibarətdir.
Sanksiyalar həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və neft məhsullarının idxalı və ya transferinə qadağa, bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılması kimi məsələləri əhatə edir. “Bloomberg” yazır ki, Aİ sanksiyalar paketi çərçivəsində bu ölkənin təxminən 15 bankını SWIFT ödəniş sistemindən ayırmağı planlaşdırır.
Kallasın sözlərinə görə, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər 2025-ci il iyulun 31-dək uzadılıb: “Sanksiyaların uzadılması Moskvanı müharibəni maliyyələşdirmək üçün xeyli gəlirdən məhrum edəcək”.
Aİ-nin Rusiyaya qarşı sanksiyalarının qəbulunda Trampın da rolu az olmayıb. Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib: “Mən hesab edirəm ki, biz Trampın rolunu qeyd etməliyik. O, sosial şəbəkələrdə Vladimir Putini kəskin tənqid edib və sanksiyalarla hədələyib”.
Sanksiya rejimi artıq Rusiyanı 400 milyard avrodan məhrum edib. Bu vəsaitdən Moskva Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə edə bilərdi. Sanksiyalar nəticəsində bunun qarşısı alınıb.
Bu tədbirlərin görülməsində əsas məqsəd isə Putini danışıqlara məcbur etmək və Ukraynadakı müharibəni bitirməkdir. Tramp onu 100 günə bitirmək niyyətindədir. “The Wall Street Journal”ın yazdığına görə, Tramp Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiyanın Ukraynaya qarşı müharibəsini 100 gün ərzində dayandırmağı tapşırıb. Jurnalistlər qeyd edirlər ki, Ukraynada müharibənin dayandırılması çətin olacaq.
Bəli, danışıqlar çətin olacaq. Çünki prezident Putin Ukrayna lideri Volodimir Zelenskinin legitimliyinə şübhə ilə yanaşır: “İstənilən şəxslə danışıqlar apara bilərsiniz, lakin qeyri-legitimliyinə görə onun (Zelenskinin) heç nəyə imza atmağa haqqı yoxdur. Əgər o, danışıqlarda iştirak etmək istəsə, mən bu danışıqları aparacaq şəxsləri müəyyən edəcəyəm”.
Rusiya prezidenti əlavə edib ki, danışıqlar başlamazdan əvvəl Ukrayna Zelenskinin Rusiya hakimiyyəti ilə hər hansı əlaqəni qadağan edən 2022-ci il oktyabr fərmanını ləğv etməlidir. Onun sözlərinə görə, bunu Putinin qeyri-legitim hesab etdiyi Zelenskinin özü yox, Ali Radanın sədri edə bilər.
Putin Qərb ölkələrini də Ukraynanı müharibəni davam etdirməyə təhrik etməkdə ittiham edib. O iddia edir ki, 2022-ci ilin yazında Rusiya sülh müqaviləsinin imzalanmasına zəmanət verən Avropa liderlərinin tələbi ilə öz qoşunlarını Kiyev yaxınlığından çıxarıb. Lakin Putinin sözlərinə görə, bu vədlər yerinə yetirilməyib və Ukraynanı müharibəni davam etdirməyə razı salıblar.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Bununla belə, o, müharibə şəraitində dövlət başçısı olaraq qalmaqda davam edir. Rusiya tərəfi bu faktdan istifadə edərək Zelinskinin qeyri-legitimliyi ilə bağlı ittihamlar irəli sürür. Vaxt isə uzanır. Müharibənin nə vaxt sona çatacağı da bilinmir.
Pünhan ƏFƏNDİYEV
XQ