Azərbaycanda son illərdə kosmik sahədə maarifləndirmə, təbliğat və araşdırmaların aparılması istiqamətində mühüm addımlar atılıb. Bu sahənin inkişafı və gənclərin fəal iştirakı ilə əlaqədar müxtəlif tədbir və layihələr həyata keçirilir. Azərbaycan gəncləri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu sahədə aktiv fəaliyyət göstərir, əhalinin maarifləndirilməsinə və elmi tədqiqatlara töhfə verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyi -“Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov jurnalistlərə açıqlamasında söyləyib.
“Bu gün Bakıda keçirilən “Youth Quantum Forum 2025” kimi tədbirlər onu göstərir ki, Azərbaycan gəncləri öz fəallıqlarını davam etdirəcək və mühüm uğurlara imza atacaqlar”, - deyə o əlavə edib. Sədr müavini bildirib ki, bu tendensiya son illərdə Azərbaycanda elmi və texnoloji sahələrdə, xüsusilə kosmos üzrə həyata keçirilən maarifləndirmə işlərinin və tədbirlərin uğurlu nəticəsi olaraq dəyərləndirilir: “Azərkosmos” tərəfindən gənclər arasında bu sahənin təbliği və onların bilik və bacarıqlarının artırılması üçün xüsusi proqramlar hazırlanır. Kosmik texnologiyalar sahəsində gənclərin fəal iştirakı həm ölkənin, həm də beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edir. Gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi, eləcə də gənclərin beynəlxalq elmi platformalarda daha fəal iştirakı gözlənilir”.