Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

post-img

Böyük Britaniyada kritik maliyyə çətinliyində olan bizneslərin sayı rekord səviyyəyə yüksəlib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə iflas üzrə ixtisaslaşmış “Begbies Traynor” şirkəti məlumat yayıb.

Şirkət bildirib ki, ən ciddi çətinliklər əyləncə və pərakəndə ticarət sahələrində müşahidə olunsa da, tikinti sektoru da ağır vəziyyətlə üzləşir. Hesabatda bildirilib ki, ilin sonunda kritik maliyyə çətinliyində olan şirkətlərin sayı artır. Lakin 2023-cü ilin sentyabr-dekabr aylarında bu rəqəm 50 faiz artaraq 46 min 583-ə çatıb. Bu, 2004-cü ildən bəri qeydə alınan ən böyük sıçrayışdır.

Şirkətlərin maliyyə çətinliyinin əsas səbəblərindən biri Vergi və Gömrük İdarəsinin (HMRC) gecikmiş vergi borclarını daha sərt şəkildə geri tələb etməsidir. Bununla yanaşı, əhəmiyyətli maliyyə çətinliyində olan bizneslərin sayı da rüblük göstəriciyə görə 3,5 faiz artaraq 654 min 765-ə yüksəlib.

Maliyyə problemləri, eyni zamanda, istehlakçı etibarının azalması ilə də üst-üstə düşür. Vətəndaşlar həm ölkənin ümumi iqtisadi perspektivləri, həm də şəxsi maliyyə vəziyyətləri ilə bağlı daha çox narahatlıq keçirirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya