Din Araşdırmaları Jurnalının növbəti buraxılışı yayımlanıb

post-img

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan Din Araşdırmaları Jurnalının növbəti buraxılışı elektron formatda dərc edilib.

Jurnala məqalə qəbulu rəsmi internet saytı vasitəsilə ( https://journal.ait.edu.az/daj ) elektron şəkildə aparılıb. Fəlsəfə, kəlam, tarix, din təhsili və digər bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc etmək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.

Din Araşdırmaları Jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. 

Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.

Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçib  (https://journal.ait.edu.az/daj/user/register), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.

Azərbaycan İlahiyyat İnstitutunun təsisçisi olduğu Din Araşdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır. 

Məlumat üçün bildirək ki, jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. 

Sosial həyat