Çin alimləri uzun illərdən bəri səsləndirilən belə bir ehtimalı araşdırmalarla dəqiqləşdirib bu nəticəyə gəliblər ki, həqiqətən, təzə, acı bibər, yaxud toz halında olan qara, qırmızı istiot yeyənlər uzun ömür yaşayırlar.
Onlar bu məqsədlə tədqiqata başlayıblar. Araşdırma zamanı – 7 il ərzində 30–79 yaşlı yarım milyon çinli müşahidə edilib. Könüllülər iki qrupa bölünüb. Birinci qrupda olanlar həftədə 3 dəfə ədviyyatlı, daha çox acılı yemək yeyiblər. Digər qrupdakılar isə ədviyyatlı yeməklər istisna olmaqla hər növ qida qəbul ediblər. Nəticədə aydın olub ki, birinci qrupda ölüm ikinci qrupda qidalananlara nisbətən 14 faiz azdır.
Acı bibərdən həm kulinariyada, həm də bəzi dərmanların hazırlanmasında istifadə edilir. Tərkibindəki A, C, E, K vitaminləri, kalsium, dəmir, maqnezium, fosfor, kalium kimi minerallar immun sistemini möhkəmləndirir, dərinin xarici mühitdən qorunmasına səbəb olur. Bibər beyin qan dövranını normallaşdırır, Alsheymer xəstəliyinin əmələgəlmə riskini ləngidir, qanın laxtalanmasını azaltmaqla trombun əmələ gəlməsinin qarşısını alır.
Məsələ burasındadır ki, acı bibərdə, həm də xüsusi bir maddə – kapsaisin var. Bibərə yandırıcı təsir verən də budur. Kapsaisin endorfinlərin (sevinc, xoşbəxtlik hormonları) istehsalını artırır. Ona görə də zamanla ədviyyatlı, acılı yeməyə alışmaq mümkündür.
Alimlər, kapsaisinin xərçəng hüceyrələrini öldürdüyünü bildirirlər. Maddə mitoxondriləri (yanacaq çəni kimi fəaliyyət göstərən üzvi birləşmələr) məhv edir. Bununla da, kapsaisin xərçəng hüceyrələrini enerjidən məhrum edir, lakin sağlam hüceyrələrə zərər vermir. Sağlam və çox yaşamağın da sirri budur.
Z.HÜSEYNLİ
XQ