Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda toplantı keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, zəngin idarəçilik təcrübəsinə, dönməz əqidəyə, xalqın birmənalı dəstəyinə - yüksək etimadına malik lideri olan dövlətlər möhtəşəm nailiyyətlərə imza ataraq adlarını tarixə əbədi həkk etdiriblər. Onun sözlərinə görə, Şərqdə ilk demokratik respublika yaratmış və 33 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın təcrübəsi də bu baxımdan əlamətdardır.
YAP Sədrinin müavini qeyd edib ki, Çağdaş Azərbaycan reallığı xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır. Prezident, YAP Sədri İlham Əliyevin Ulu öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilib, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınıb”.
Qazanılan tarixi nailiyyətlərlə yanaşı, qarşımızda gələcəyə yönəlik çox önəmli vəzifələrin dayandığını deyən Tahir Budaqov daha sonra bildirib ki, Azərbaycan Prezidentinin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənib: “Azərbaycanın bu günlərdə D-8 təşkilatına yekdilliklə üzv seçilməsi də bunun növbəti bariz təzahürüdür. Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaq”.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd ediblər ki, dünyada gedən mürəkkəb geosiyasi vəziyyət fonunda əldə edilmiş nəticələr onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir. Ən önəmli amillərdən biri olan ictimai-siyasi sabitlik qətiyyətlə qorunur. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri də 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir.
XQ