Akademikin xatirəsinə ehtiram

post-img

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə akademik Soltan Mehdiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Monomerlər və neft kimyasının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunun bir daha işıqlandırılması, bu sahədə son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsidir.

Konfransı giriş sözü ilə NKPİ-nin baş direktoru, akademik Vaqif Abbasov açıb. O, görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb. Sonra kimya üzrə fəlsəfə doktoru Arzu Cəlilova “Akademik Soltan Mehdiyevin Azərbaycanda neft kimyasının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın vitse-prezidenti Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, İsmayıllıdan konfransa gəlmiş nümayəndələr çıxış edərək, görkəmli alim haqqında öz xatirələrini bölüşüblər. Sonda alimin ailəsi adından çıxış edən oğlu iştirakçılara minnətdarlığını bildirib.

XQ

Mədəniyyət