Azərbaycanlı alim Özbəkistan telekanalının qonağı olub

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva Özbəkistanın milli televiziya kanalında dünya dillərinə həsr olunmuş "Foreign Languages" adlı proqramın qonağı olub.

Proqramda Azərbaycan ilə Özbəkistan arasındakı mədəni, tarixi, elmi əlaqələr geniş müzakirə edilib, iki qardaş ölkənin təhsil sahəsindəki əməkdaşlığı və gələcək perspektivləri barədə ətraflı danışılıb.

Soydaşımız çıxışında Azərbaycan və Özbəkistanın əsrlərlə ortaq mədəniyyət və tarixə sahib olduğunu xatırladıb, hər iki ölkənin gəncləri arasındakı qarşılıqlı əlaqələrin, bilik mübadiləsinin və təhsil proqramlarının xalqlarımızı daha da yaxınlaşdırdığını söyləyib. “Təhsil iki ölkə arasındakı dostluğun ən güclü sütunlarındandır. Hər iki ölkədə keçirilən dil və mədəniyyət festivalları təhsil əməkdaşlığını gücləndirən əsas vasitələrdən biridir. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Özbəkistanın gələcək nəsillərinə daha parlaq bir gələcək vəd edir. Azərbaycan Respublikası, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar vasitəsilə Özbəkistanda Azərbaycan dilinin tədrisini dəstəkləyir. Gələcəkdə Özbəkistanda Azərbaycan dilinin tədrisinin daha da genişləndirilməsi, həmçinin birgə təhsil proqramlarının artırılması nəzərdə tutulur”, – deyə Mətanət Xudiyeva bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Sosial həyat