Bakıda paxlava festivalı

post-img

Bakıda Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyası (BAKTAD) və “Rəmzioğlu paxlava” nın təşkilatçılığı ilə “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” keçirilib.

İki ölkə arasında möhkəm dostluq və qardaşlığı təmsil edən festival xalq rəqslərinin nümayişi ilə başlayıb. 100 nəfərlik nümayəndə heyətinin qatıldığı 13-cü Ənənəvi Paxlava Festivalında püstə, qoz, midye, şöbiyyət, yerkökü dilimi kimi Türkiyəyə məxsus 60 növ, ölkəmizdən isə daha çox Qərbi Azərbaycana xas olan paxlava növləri təqdim edilib. Həmçinin, festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.

Tədbirin açılışında çıxış edən BAKTAD dərnəyinin sədri Mehmet Yıldırım Bakıda 13-cü Ənənəvi Paxlava Festivalı üçün bir araya gəlməkdən məmnun olduğunu bildirib.Türkiyədə paxlavanın sadəcə bir şirniyyat olmadığını ifadə edən Yıldırım türk mətbəxinin simvolu olan paxlavanın iki ölkə arasında olan möhkəm  dostluğu və qardaşlığı təmsil etdiyini deyib. 

Tədqiqatçı, “QAİ” Qadınlar Şurasının üzvü XQ-ya müsahibəsində bildirib: 

-Paxlava ortaq türk dünyasının ən qədim şirniyyat növlərindən biridir. Ona görə də, builki paxlava festivalının “Rəmzioğlu paxlava” şirkəti tərəfindən Bakıda keçirilməsi məsləhət görüldü. Burada türk paxlavaları ilə yanaşı, Azərbaycan mətbəxinin bütün bölgələrinə məxsus fərqli çeşiddə paxlavalar təqdim edildi. Ən əsası Qərbi Azərbaycanın İrəvan - Xan sarayı mətbəxinə aid tamamilə unudulmuş qədim paxlava növləri nümayiş olundu. Abbasqulu xanın paxlavası, Göyçə mahalının “Kəvər”, “Əncir” paxlavaları, Naxçıvanın unudulmuş paxlavası  iştirakçıların çox böyük marağına səbəb oldu.    

Festivalın sonunda müxtəlif sertifikat və mükafatlara layiq görülmüş paxlava ustalarından da təəsuratlarını soruşduq:

Mayıl Əlizadə, “Rəmzioğlu paxlava” şirkətinin azərbaycanlı təmsilçisi: Festival çox uğurlu oldu. Buna görə təşkilatçılara təşəkkür edirəm. Ən gözəl hədiyyə isə mükafata layiq görülməyim idi. Bir daha əməyi keçən hər kəsə minnətdarlıq edir, məsləkdaşlarıma uğurlar arzulayıram.

Orhan Öztürk, “Rəmzioğlu paxlava” şirkətinin türk təmsilçisi: Festival çox xoşuma gəldi. Mən də türk paxlava ustası olaraq, burada iştirak edirəm. Bu gün türk paxlavasının necə hazırlandığını iştirakçılara göstərdik. Əminəm ki, hər kəs çox bəyəndi. Azərbaycan və Türk xalqı hər zaman bir-birinə dəstək olur. Azərbaycanlıları çox sevirik. 

Fidan SALMANOVA,

XQ

 

 













Sosial həyat