Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili” kursunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva tələbələrə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi siyasi-iqtisadi inkişaf kursunu özündən sonra uğurla davam etdirən İlham Əliyev kimi siyasi varis yetişdirməsidir. Bu gün Azərbaycan Prezidenti dahi öndərin ideyalarını inamla həyata keçirir. Heydər Əliyevin xatirəsi daim qəlblərdə yaşayacaq!” – deyə Mətanət Xudiyeva qeyd edib.
Dərsdə “Heydər Əliyev və Azərbaycan” adlı videoçarx göstərilib, özbək tələbələr Ulu Öndər haqqında öyrəndikləri məlumatları bölüşüb.
Dərsdən sonra tələbələr Daşkənd şəhərində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin şərəfinə ucaldılmış büstün önünə gül dəstələri düzüb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau