“Dizayn insanı”

post-img

Bakıdakı Rus evində Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, professor Rəfael Həsənova həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib. Filmin müəllifi Eldara Əliyeva, operatoru Yuriy Varnovskiy, redaktoru isə Leyla Vəlibəyovadır. Filmdə tanınmış bəstəkarlar Emin Sabitoğlu, Rafiq Babayev və Rəşid Nəsiboğlunun musiqilərindən istifadə olunub. Ekran işində Rafael Həsənovun ailə üzvləri, yaxın dostları və həmkarları onun Bakının memarlıq tarixindəki əvəzsiz xidmətlərindən söz açıblar və memarla bağlı xatirələrini bölüşüblər. 

Azərbaycan dövlət müstəqilliyini, suverenliyini bərpa etdikdən sonra, mədəniyyət və incəsənət sahəsində vəziyyət o qədər də ürəkaçan deyildi. Yalnız xalqın təkidi və tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə çiçəklənmə dövrü başladı. 

Məhz, o illərdə sözün əsl mənasında bir sıra görkəmli şəxsiyyətlərin sayəsində sənət işığı yenidən alovlandı. Rəfael Həsənov da memarlıq sahəsində əvəzsiz  fəaliyyəti ilə yaşadığı dövrə sözün əsl mənasında işıq tutan və gələcək nəsillərə zəngin irs qoyub getmiş sənətkar idi. İnnovativ layihələrin müəllifi olmuş və ölkəmizdə sənaye dizaynının inkişafında böyük rol oynamış R. Həsənov  

Azərbaycan Dövlət İnşaat Universitetinin karyera dizaynı kafedrasının professoru, eləcə də Azərbaycan SSR Dizaynerlər İttifaqının rəhbəri olmuşdur.

O, təkcə memar yox, həm də pedaqoq kimi gənc memar-dizaynerlərin yetişməsində böyük xidmətlər göstərib. 

Qeyd edək ki, sənədli film “Eloba” film şirkətinin məhsuludur.

Fidan SALMANOVA
XQ



Mədəniyyət