Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi keçirilib. 

Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirdikdən sonra “Biz Azərbaycan uşaqlarıyıq!” adlı videoçarx nümayiş etdirilib. Uşaqlar adından cənab Prezident üçün hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də BMT-nın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının uğurlu yekununu təcəssüm etdirən hədiyyə təqdim edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqində təbrikinə görə cənab Prezidentə təşəkkür edib, məktubda əks olunan diqqət və dəstəyin uşaqlar üçün böyük ilham mənbəyi olduğunu vurğulayıb. O, Azərbaycanda ölkə ərazisinin bütün bölgələrini təmsil edən uşaqların iştirakilə keçirilən forumun işinə uğurlar arzu edib. Uşaqları  milli-mənəvi dəyərlərimizin daşıyıcısı, gələcəyimizin təminatçıları adlandıran sədr vurğulayıb ki, sosial siyasətə önəm verən dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. O, bu sahədə mövcud olan qanunvericilik bazasının daim təkmilləşdirildiyini, müxtəlif dövlət proqramlarının qəbul edilərək həyata keçirildiyini, uşaqların  hərtərəfli inkişafı və rifahı üçün hər bir şəraitin yaradıldığı bildirib.

Komitə sədri, forumu günümüz və gələcəyimizin ən vacib mövzuları barədə müzakirə aparmaq, uşaqların öz fikirləri və təşəbbüsləri ilə bölüşmək, daha yaxşı bir cəmiyyət, daha yaşıl bir ölkə və daha təhlükəsiz bir dünya naminə səyləri birləşdirmək üçün gözəl bir imkan kimi qiymətləndirib. Uşaq hüquqlarının qorunması və təmini istiqamətində qəbul edilən qanunların, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında uşaqların fikirlərinin nəzərə alınması, eyni zamanda onların əsas maraqlarının qorunması, uşaq iştirakçılığının təmin edilməsi baxımından ümumrespublika forumlarının vacib platformaya çevrildiyini və ənənəvi hal aldığını bildirib, uşaqları bu işin əsas təşviqatçıları adlandırıb.

Dünyanın iqlim dəyişiklikləri, tebii resursların tükənməsi və ətraf mühitin çirklənməsi kimi böyük problemlərlə üz-üzə qaldığını qeyd edən sədr, ekoloji maarifləndirmə, uşaqların ekoloji layihələrdə iştirakının artırılması ilə daha dayanıqlı bir mühit əldə etməyin mümkünlüyünü bildirib. COP29 çərçivəsində təşkil olunan dəyirmi masada uşaqların iqlim fəaliyyəti ilə bağlı tələblər səsləndirdiklərini deyən B.Muradova, bu tələblərin bütün dünyada iqlim dəyişmələri ilə mübarizə istiqamətində qəbul edilən sənədlərdə nəzərə alınacağını diqqətə çatdırıb.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib ki, təhsil daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir və bu istiqamətdə səylərimizi birləşdirməliyik: “Ən əsas amillərdən biri qızların təhsilidir. Son 10 ildə qızların nəticələri oğlanların nəticələrindən daha çox, daha yaxşıdır". Nazir vurğulayıb ki, hər uşağa müvafiq qaydada təhsil alma imkanı yaradılmasına çalışmaq lazımdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, hazırda ölkədə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər görülür. O, iqlim dəyişikliyin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli enerji texnologiyalarının inkişafı ilə bağlı tədbirlər həyata keçirildiyini deyib.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, uşaqlar və gənclərin təmiz, təhlükəsiz və davamlı ətraf mühit hüququ olduğuna diqqət çəkib, iqlim böhranının təkcə planeti deyil, uşaqların həyatı, gələcəyi və sahib olacağı imkanları dəyişdiyini bildirib, sağlamlıq və təhsil hüquqlarına təsirindən danışıb. Azərbaycanın COP29-u uğurla başa vurduğunu qeyd edən UNİCEF rəsmisi, builki COP-un həm də uşaqların və gənclərin iştirakı, onların iqlim dəyişikliyi ilə bağlı müzakirələrə verdiyi töhfələrlə yadda qaldığını bildirib.  

Forum uşaqların rəsmi nümayəndələrlə dialoqu ilə davam edib. Müzakirələrdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Hidayət Abdullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IV “Yüksəliş” müsabiqəsinin qalibləri Günel Musayeva və Seymur Hüseynov uşaqların suallarını cavablandırıblar.

Qeyd edək ki, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edib.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat