Haruki Murakaminin uğurunun sirri

post-img

Qərb ədəbiyyatında “repressiv tolerantlıq” deyilən dövr, deyəsən, bir qədər səngiyib. Ədəbi reputasiyası sarsılmaz olan yazıçılar var ki, internet erası onların oxucularını belə demək mümkünsə, əsir götürür. Əlbəttə, tarix idarəolunmaz bir mexanizmdir, yazıçı tarixə güvənməməlidir, əksinə, onu qanadları altına almış sivilizasiyadan maksimum bəhrələnməlidir. Məsələn, yapon yazıçısı Xaruki Murakami kimi.

Murakami Yaponiyada qalsaydı, dünya onu tanımayacaqdı. O, öz vətənindən çıxmaqla həm də ədəbi anlamda dünyaya çıxdı, daha doğrusu, sıçrayış etdi. Murakaminin orijinallığı öz rasionallığı ilə seçilən bizim kimi zəmanə adamlarına ibrət olmalıydı. Murakamini indi bütün dünya oxuyur, o öz ədəbi reputasiyasından arxayındır, öz əsərlərində qərb təfəkkür tərzi ilə yapon ruhunu ustalıqla qovuşdura bilən yazıçının əsərləri spirt kimi oxucunun sanki qanına işləyir, onun tarazlığını pozur, daxili aləmini təlatümə gətirir. Öz yaşam və yazı tərziylə o əvəzedilməzlik və zalımlıq prinsipini, bütpərəstlik ideyasını sarsıtmışdır.

Murakami fenomeni və onun qəfil sıçrayışını anlamaqdan ötrü Rünoske və Kavabatanı da gərək bir balaca anlaya biləsən, samurayların dostu – Ölümə vurğun iblis-Misimanı təfəkkür süzgəcindən keçirəsən. Murakami dünyanın astarını üzünə çevirməklə yaponların üzünə yeni dünyanın qapılarını açdı. Xüsusən, “Qoyun ovu” romanı ilə standart yapon düşüncə tərzinin çərçivələrini dağıtdı. Bu əsərdə insanın mənəvi axtarışlarının puçluğu ilə bağlı tikanlı mesajlar baş alıb gedir.

Mən onun bir neçə hekayəsini dilimizə çevirmişəm. “Sükut” hekayəsini çevirəndən sonra əməlli-başlı bu yazıçının əsiri oldum. Tərcümə prosesində həzz aldığım çox az yazıçılardan biri, bəlkə də birincisi Murakamidir. Mistika ilə reallığın üzvi vəhdətini və bundan doğan məntiqi nəticəni yazıçı “Taksidə vampir” hekayəsində ustalıqla göstərə bilib.

“İpanemalı qız” hekayəsində adidən adi bir əhvalat nəql olunur: ipanemalı qız 1963-cü ildə dəniz kənarında dayanıb dənizi seyr edirdi, indi isə 1982-ci ildir və bu qız eynilə əvvəlki kimi, dənizə baxır, o heç qocalmayıb, oğlan isə qumluqda uzanıb pivə qurtumlayır. Aradakı zamanı yox edə bilmək məgər asandır? Murakami bunu edə bilib. Çox gözəl hekayədi, səhv etmirəmsə, İlqar Fəhmi onu bizim dilə tərcümə edib. Maraqlananlar tapıb oxusunlar, xüsusən də yenicə yazmağa başlayan yazarlar bu kiçik yazını hekayə dərsi kimi oxusalar, çox şey qazanarlar.

Murakami gənc yazıçılara müəyyən qədər ipucu verir. Müsahibələrindən birində deyir ki, “uşaq ikən yapon nağıllarını dinləmişəm. Böyüdükdə bu nağıllar olduqca kritik olur. Bütün xalqların nağıldan gələn bir təcrübəsi var. Rusların da, amerikanların, almanların da. Amma eyni zamanda hər birimizin yararlandığı ortaq bir təcrübə var: “Balaca Şahzadə”.

Bu orijinal yapon yazıçısının yaradıcılığında təkrar nüansa qəti rast gəlməzsən, o bir dəfə keçdiyi yerdən bir daha keçmir. Murakamiyə görə, yazarın orijinallığı onun öz ritmini, zümzüməsini tapmasından başlayır. Yazıçı öz ritmini tapa bilmirsə, istər-istəməz imitasiya başlayır. Bu isə çox təhlükəli bir haldır, sonda yazıçını məhvə aparır, mümkün qədər imitasiyadan qorunmaq lazımdır.

Hər bir yaradıcı insanın öz nəğməsi olmalıdır. Murakami demiş, bizim üçün ortaq təcrübə mifologiya və nağıllar ola bilər. Bunlar yaradıcılıq üçün sonsuz, tükənməz qaynaqdır. Ədəbiyyat tarixi də göstərir ki, təməlində mifoloji mətnlər dayanan əsərlər daha çox uğur qazanır və ədəbiyyat tarixində qalır.

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat