Səhiyyədə köməkçi texnologiyalara əlçatanlıq

post-img

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi milli səhiyyə tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Bakıda ikigünlük subregional texniki seminar təşkil edib. XQ-yə bu barədə qurumun Bakı ofisindən Azad Qəribov məlumat verib.

Məlumatda bildirilir ki, “ATscale” layihəsinin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs əlilliyi olan şəxslər üçün köməkçi texnologiyaların keyfiyyət standartlarını artırmaq və Azərbaycanda, Gürcüstanda və Tacikistanda köməkçi texnologiyalara çıxışı yaxşılaşdırmaq məqsədi daşıyır. 28–29 noyabr 2024-cü il tarixlərində keçirilən tədbir, əlilliyi olan şəxsləri yüksək keyfiyyətli köməkçi həllər vasitəsilə dəstəkləmək baxımından əhəmiyyətlidir.

Toplantı zamanı ÜST-nın Azərbaycandakı nümayəndəsi Hande Harmancı vurğulayıb ki, bu və digər köməkçi texnologiyalar sahəsində həyata keçirilən təşəbbüslərlə ÜST Azərbaycan reabilitasiya xidmətlərinə və köməkçi məhsullara ehtiyac duyan şəxslərin funksionallığını yaxşılaşdırmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və həyat keyfiyyətlərini artırmağa yönəlmiş səyləri dəstəkləməyi qarşısına məqsəd qoyur.

Seminarda hökumət nümayəndələri, ÜST ekspertləri və bu sahədə tanınmış mentorlar daxil olmaqla, 30-dan çox iştirakçı bir araya gəlib. İki gün ərzində iştirakçılar bir sıra əsas sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Bunlar ətraflı məhsul spesifikasiyalarının hazırlanması, beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyət yoxlamalarının aparılması və uyğunluğun təşviqi sahələridir.

İştirakçılar köməkçi məhsulların ən yüksək keyfiyyət və etibarlılıq standartlarına cavab verməsini təmin etmək üçün milli standartların yaradılması və tətbiq edilməsi istiqamətində praktiki təlimlərdən faydalanacaqlar.

Bu seminar köməkçi texnologiyaların əlçatanlığını və effektivliyini artırmaq üçün ÜST-nin üzv dövlətlərə dəstək göstərmək və daha ədalətli səhiyyə təmin etmək sahəsində səylərinin tərkib hissəsidir.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat