Balıq qalıqları qızılgülə çevrilir

post-img

Türkiyənin Samsun şəhərində hamsi balığının tullantılarından istifadə edilərək, torpaqsız əkinçilik üsulu ilə qızılgül yetişdirilib. Gördüyünüz bu qızılgüllər torpaqda becərilməyib. Bu barədə “On dokuz Mayıs” Universitetinin Aqrar fakültəsinin bağçılıq şöbəsinin uzmanı Mehmet Tütünçü məlumat verib. O, bildirib ki, balıq tullantılarından kənd təsərrüfatında istifadə etmək üçün 2 il öncə işlərə başlanılıb.

Müəssisələrdən əldə edilən tullantılar kimyəvi proseslərlə amin turşularına çevrilib və bundan istifadə edilərək təbii qızılgüllər yetişdirilib: “Bu, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) tərəfindən dəstəklənən bir layihədir. Hamsi balığının tullantılarından hazırladığımız məhsulu Hindistan qozu torfunda yetişdirilən qızılgüllərə də tətbiq edərək onların inkişaf prosesini öyrənirik. Artıq layihənin üçüncü ilindəyik. Hər il qızılgüllər yığılır və yetişdirdiyimiz məhsullar analiz edilir”.

Qeyd edək ki, hamsi 400 metrə qədər dərinlikdə subtropik dənizlərdə yaşayan duzlu su balığıdır. Bu balıqlara daha çox Qara, Azov, Mərmərə, Aralıq dənizlərində və Peru sahillərində rast gəlinir.

S.FİDAN
XQ

Dünya