Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.
Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən görüşlərdə rayon icra hakimiyyətləri, polis şöbələri, təhsil sektorunun əməkdaşları, müəllimlər, psixoloqlar, məktəblilər, valideynlər və ekspertlər iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edənlər ölkəmizdə uşaqları müdafiə mexanizminin genişləndirilməsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına üzv dövlətlərin öhdəlikləri, “4 P yanaşması” (qabaqlayıcı tədbirlər), müdafiə, cinayət təqibi, milli və beynəlxalq əməkdaşlığın təşviqi barədə ətraflı məlumat veriblər.
Uşaqlara qarşı zorakılığın yaranma səbəbləri barədə söz açan psixoloqlar belə azyaşlıların psixologiyasında baş verən mənfi dəyişikliklərin onların sağlam şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu, onları belə hallardan qorumağın zəruriliyini vurğulayıblar. Müəllimlər çıxışlarında məktəblərdə şagirdlər arasında baş verən zorakılıq halları, onunla mübarizə yolları və valideyn–məktəb əlaqələrinin gücləndirilməsinin vacibliyindən danışıblar.
Yekunda mövzu ilə əlaqəli sosial çarxlar və təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Z.HÜSEYNOVA
XQ