“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib

post-img

Azərbaycan Mətbuat Şurasının (MŞ) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı keçirilib.

Mətbuat Şurasından verilən məlumata görə, tədbiri açan MŞ-nın sədri Rəşad Məcid Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri ilə bağlı indiyədək 4 toplantı olub. Bu toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.

“Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib”,- deyə Mətbuat Şurasının sədri əlavə edib.

İndiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısının hazırlanaraq “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirildiyini diqqətə çatdıran R.Məcid, məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşmanın tətbiq edildiyini bildirib.

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, layihə çərçivəsində aparılmış “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. Bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartlara uyğun hazırlanıb.

Toplantıda çıxış edənlər icra olunan layihənin əhəmiyyətindən söz açıb, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanmasının vacibliyindən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, layihənin davamını zəruriləşdirən məqamlardan da söz açıb, Şuranın təşəbbüsünə göstərdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürlərini ifadə ediblər.













Sosial həyat