Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinq aparılır

post-img

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı noyabrın 25-27-də muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

Agentlikdən bildirilib ki, bununla əlaqədar risk əsasında müəyyən olunmuş təbiət əraziləri və su hövzələri ətrafında vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin mövcudluğunun araşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müşahidələr aparılıb, müxtəlif növ ev quşlarından ümumilikdə 60 qan, 120 yaxma nümunəsi götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun mərkəzi baytarlıq laboratoriyasında müvafiq müayinələrə cəlb edilib. Həmçinin monitorinq çərçivəsində baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.

Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə müxtəlif növ xüsusi təhlükəli heyvan xəstəliklərinə görə monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcək.

Sosial həyat