Bizim Pakistanda qarşılaşdığımız çətinliklərdən biri su qıtlığıdır. Pakistanda iqlim dəyişikliyinə görə hava şəraitinin ekstremal dəyişməsi müşahidə olunur.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Pakistanın “International Parliamentary Congress” təmsilçisi Mehk Butt deyib.
O qeyd edib ki, COP29-un təşkil olunması çox mühüm hadisədir:
“Mənim üçün bu çox önəmli bir tədbirdir və burada iştirak etmək mənə vacib idi. Təşkilatların və digər nümayəndə heyətlərinin üzvləri burada danışıqlar zamanı əldə olunan məlumatları öz ölkələrinə apara bilərlər”, - deyə Mehk Butt vurğulayıb.
O, həmçinin Azərbaycanın son illərdəki inkişafından danışıb: “Biz illərdir Azərbaycanın inkişafını müşahidə edirik. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bizim üçün çox önəmlidir. Biz Azərbaycanın çətinliklərin öhdəsindən gələrək necə inkişaf etdiyinin şahidi olmuşuq”.