“Gilavar Foto Klubu” ictimai birliyi noyabr ayının 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uğurla iştirak edib.
Birlik tərəfindən Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edilib. Noyabr ayının 15-i və 20-22-si tarixlərində nümayiş olunan fotolarda Ermənistanın 30 ilə yaxın bir müddətdə mina çirkləndirilməsinə məruz qoyduğu Azərbaycan torpaqlarında minaya düşmüş şəxslər yer alıb. 20 fotodan ibarət “Düyməni sıxan ayaqlar” adlı fotosərgi yerli və xarici ziyarətçilərdə dərin təəssürat yaradıb.
Eyni zamanda, Birliyin müxtəlif dövlət qurumları, özəl təşkilat və mediada çalışan 26 üzvü COP29-un keçirildiyi məkanda fotoqraf kimi iştirak edib. Onlar hər gün mötəbər tədbirin işıqlandırılmasına öz töhfələrini veriblər.
Bundan əlavə, “Gilavar Foto Klubu” ictimai birliyi Tərəflər Konfransında qeyri-hökumət təşkilatı fəaliyyəti ilə yanaşı media kimi də təmsil olunub. Belə ki, təşkilatın 6 üzvü Gilavar Foto Klubu adı altında media akkreditasiyadan keçərək fotomüxbir kimi fəaliyyət göstəriblər.