“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydaya əsasən uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması məqsədilə ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət edir. Bu zaman həmin şəxsin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti, və ailəni təmsil etməsi barədə ərizə tələb olunur. Şəxsin qeydiyyatda olması haqqında sənəd notarial qaydada təsdiq edilməlidir. Sənədlərə uçota alınmış şəxsin ölümü haqqında şəhadətnamənin surəti və mənzilə ehtiyacı olan şəxsə sonradan şəhid statusu verilməsi haqqında arayış da əlavə edilir.
Həmin sənədlər və ya məlumatlar elektron sistemi vasitəsilə əldə edilərsə şəxsdən tələb edilmir. Bu mümkün olmadıqda təmsilçinin razılığı ilə müvafiq dövlət orqanından tələb olunur.
Sənədlər təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq təmsilçinin uçota alınması və ya bundan imtina edilməsi barədə (səbəbləri göstərilməklə) qərar qəbul edilir. Qərar 3 iş günü ərzində təmsilçiyə şəxsən və ya poçt vasitəsilə göndərilir, yaxud qeyd edilən vahid əlaqələndirmə mərkəzinə təqdim olunur.
Zərifə HÜSEYNOVA
XQ