COP29 bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki heç vaxt bu konfranslarda turizm haqqında geniş formatda danışılmamışdı. Bu, ilk dəfədir və buna görə də BMT-nin Turizm Təşkilatı və turizm sənayesi üçün tarixi bir gündür. Mən çox sevinirəm ki, bu hadisə Azərbaycanda baş verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili səsləndirib.
Baş katib bildirib ki, bu görüşün təşkili böyük və vacib bir ənənənin başlanğıcıdır, çünki turizm sülh də daxil olmaqla, bir çox dəyişikliyin böyük bir hissəsidir. İlk növbədə, sülhdən danışdıqda, turizm sülhü bərqərar etmək üçün ən güclü alətlərdən biridir. Sülh bu gün dünyada heç vaxt olmadığı qədər vacibdir. “Biz iqlim dəyişikliyindən, ətraf mühit problemlərindən, qida israfından danışırıq. Bu yeni çağırışlar turizmə və onun effektivliyinə təsir edir”, - deyə o əlavə edib.
Zurab Pololikaşvili, həmçinin diqqətə çatdırıb ki, ilk dəfə COP26-da turizm üzrə yaranan platforma bu gün artıq beynəlxalq qurumlar, hökumətlər və özəl sektoru da əhatə etməklə genişlənib. Vurğulayıb ki, bu sahədə əməkdaşlıq və həmrəylik çox vacibdir.