İndiyə qədər dietoloqlar hər gün 5 porsiya meyvə və tərəvəz yeməyi tövsiyə edirdilər. Lakin son araşdırmalar bu tövsiyəyə müəyyən dəyişiklik əlavə edib.
“Zdorovye” jurnalı yazır ki, İngiltərə alimləri araşdırmalar nəticəsində tərəvəzlərin meyvələrdən daha faydalı olduğunu öyrəniblər. Bildiriblər ki, meyvələrin bəzi mənfi tərəfləri var. Bu səbəbdən gün ərzində 3 porsiya tərəvəz + 2 porsiya meyvə və hətta 4 porsiya tərəvəz + 1 porsiya meyvə yeməyi tövsiyə ediblər.
Həkimlərin fikrinə görə, meyvələrin çox miqdarda qəbulu qanda lipidlərin artmasına səbəb olur ki, bu da ateroskleroz riskini artırır. Tərəvəzlərdən fərqli olaraq meyvələr toxluq hissi yaratmır, əksinə, iştahı artırır. Bu isə artıq çəkinin yığılmasına səbəb ola bilər. Tərəvəzlər isə, əksinə, arıqlamağa kömək edir. Bundan əlavə, meyvələrin çoxlu miqdarda qəbulu arterial təzyiqin artmasına səbəb ola bilər, şirin meyvələr karies riskini artırar.
Buna görə, alimlər hər növ tərəvəzi meyvələrdən daha faydalı hesab edir və qəbulunu artırmağı tövsiyə edirlər. İnsanda artıq çəki və ürək-damar sistemi xəstəlikləri olduqda da həddindən artıq meyvə yeməyi məsləhət görmürlər.
Z.HÜSEYNLİ
XQ