Azəri-Press Agentliyi 20 yaşa çatdı

post-img

Bu gün ölkənin nüfuzlu müstəqil media qurumu olan Azəri-Press Agentliyi – APA-nın yaradılmasının 20-ci ili tamam olur. İnformasiya Aagentliyinin kollektivi əlamətdar yubileyi iş başında keçirərək Azərbaycan paytaxtında davam edən COP29 beynəlxalq iqlim konfransının çoxsaylı məclis və müzakirələrini geniş işıqlandırmaqda davam edir.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı ilə də COP toplantılarının mərkəzinə çevrilmiş Bakı Olimpiya Stadionunda xarici qonaqlarla həmsöhbət olarkən görüşdük. Həmkarımız bildirdi ki, COP təntənələri onların yubiley sevincini ikiqat yüksəldib. Beynəlxalq məclisin uğurlarından doğan yüksək əhval-ruhiyyə onlar üçün əsl bayramdır.

Fürsət tapıb APA rəhbərindən XQ-yə geniş müsahibə aldıq. “Xalq qəzeti TV”-də artıq tamaşaçılara təqdim etdiyimiz həmin müsahibə ilə növbəti saylarımızda oxucularımız da tanış olacaqlar.

XXI əsr informasiya və kommunikasiya texnologiyaları əsridir. Məhz belə bir təlatümlü zamanda informasiya məkanına daxil olmaq, özünü təsdiqləmək cəsarət tələb edir. Qətiyyətlə deyə bilərik ki, bu gün fəaliyyətə başlamasının 20 ili tamam olan APA-nın keçdiyi yol, ilk növbədə, cəsarət işidir.

APA informasiya istehsalı prosesində son dərəcə məsuliyyətli missiya yerinə yetirir. Bu missiya Azərbaycana qarşı beynəlxalq miqyasda aparılan qlobal informasiya müharibəsindəki başlıca uğur təminatımızdır.

Bu günün APA-sı Azərbaycan, rus, ingilis, fransız və fars dillərində fəaliyyət göstərir. Onun yayım bloklarında ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına, həmçinin bölgəmizdə və dünyada baş verən hadisələrə dair xəbərlərlə yanaşı, regionda və beynəlxalq aləmdə yaşanan mühüm proseslərə həsr olunmuş analitik təhlillər yer alır. Deməli, yubilyar media orqanı zəngin diapazonu ilə də seçilməkdədir.

APA-nın Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyədə, Rusiyada, Gürcüstanda və İranda ofisləri var. Bu cəhət ona yayımçılıqda eksklüzivlik qazandırır. Media orqanı, eyni zamanda, jurnalistikanın janr müxtəlifliyindən məharətlə bəhrələnir, habelə işini qlobal media konvengersiyasının tələblərinə uyğun şəkildə qurur. Bütün bunlar isə APA-da peşəkar və kreativ mühitin mövcudluğundan qaynaqlanır.

“Xalq qəzeti”nin kollektivi APA Media Qrupun rəhbəri – dəyərli, istedadlı və bacarıqlı həmkar Vüsalə Mahirqızı başda olmaqla, böyük APA ailəsinin hər bir üzvünü 20 illik yubiley münasibəti ilə təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

XQ
P.S. APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızının qəzetimizə müsahibəsi ilə növbəti sayımızda tanış ola bilərsiniz.



Sosial həyat