“Yurdum” inklüziv icmasında onlar xoşbəxtlik tapıblar
Sağlamlığı məhdud insanlar... Həssas təbəqədən olan belə adamlara yönəlik bir xoş baxış, könülaçan söz nisgil və qəm-qüssəni unutdurur. Onlar da hamı kimi yaşamaq, özlərini fərd kimi hiss etmək, gündəlik qayğılarla məşğul olmaq istəyirlər. “Yurdum”da bir araya gələn, xüsusi qayğıya ehtiyacı olan bu soydaşlarımızın cəmiyyətin diqqət və qayğısından güc alır, könül xoşluğu tapırlar.
Onların gündəlik qayğıları, yaşayış tərzləri ilə yaxından tanış olmaq üçün Cingiz Mustafayev 76 ünvandakı məkana yollanırıq. Mərkəzə, sanki, qoruyucu mələkləri olan anaları ilə deyə-gülə birgə daxil olan uşaqları xidmətçi personalla birgə biz də qarşılayırıq. Öyrənirik ki, “Yurdum” layihəsi gələcəyin yaşayış kəndidir, habelə fiziki və ya əqli qüsurlu insanların sosial adaptasiyasını təşviq edən mərkəz kimi fəaliyyət göstərir. Layihə çərçivəsində yaşı 16-dan yuxarı olan uşaqların cəmiyyətə inteqrasiyası, gün ərzində istirahəti, səmərəli vaxt keçirmələri, sevdikləri işlə məşğul olmaları üçün hər çür şərait yaradılıb. Hazırda mərkəzdə 16-dan 26 yaşadək 15-ə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq var.
Əvvəlcə piano olan otağa daxil oluruq. Səhərlər günə başlayarkən burada yığıncaq olur. Günün planı iştirakçılarla bərabər müzakirə edilir. Uşaqlar özlərini necə hiss etdiklərini və mərkəzdə olmadıqları vaxtda günlərini necə keçirdikləri ilə bağlı fikirlərini bölüşürlər. Həmçinin evritmiya (harmonik ritm), rəqs də bu otaqda olur.
Uşaqlardan hansı mahnını ifa etmək istədiklərini soruşduq. Lalə adlı qız astaca “Ayrı-ayrı doğulduq bu dünyada” mahnısını oxumaq istədiklərini dedi. Uşaqlar artıq şən səslə bir ağızdan Cabir Novruzun sözlərinə Oqtay Kazıminin bəstələdiyi “Ey həyat, sən nə qəribəsən?” mahnısını elə şövqlə oxumağa başladılar ki...
Nə yaxın qonşu olduq bu dünyada,
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…
Hələ bu uşaqların rəqsi özgə aləmdir. Teymur Hüseynovun pianoda ifaları bir-birini əvəz etdikcə vaxtın necə keçdiyini hiss etmədik. Uşaqlardan İsmayıl Nəsirov və Fərid Ociyevin Afrika nağarasında, Şövqü Əhmədovun isə pianoda ifaları sadəcə möhtəşəm idi.
İştirakçılar onlara bir dünya sevinc bəxş edən musiqili dəqiqələrdən sonra mətbəxə keçirlər. Onlar burada özlərinə yemək, müxtəlif salatlar hazırlayırlar.
İcma üzvlərindən biri – Şamxal Xələflinin anası Zəhra xanım belə bir mərkəzə böyük ehtiyac duyduqlarını bildirdi:
– 18 yaşadək uşaqlar üçün müəyyən mərkəzlər, təşkilatlar olsa da, böyük yaşlılar üçün bu, bir ilkdir. Belə bir məkana böyük ehtiyacımız var. Uşaqlar burada özlərini çox xoşbəxt hiss edirlər. Onlar rəsm çəkir, mətbəxdə işləyir, idman hərəkətləri, musiqi və digər fəaliyyətlə məşğul olurlar. Gün ərzində sağlam insana məxsus normal həyat tərzi yaşayırlar. Burada hər uşağın xüsusiyyətinə uyğun yanaşma var.
Piano olan otağın yanındakı vorkşopda uşaqlar müxtəlif əl işləri ilə məşğul olurlar. Onlarla birgə dekorativ əl işləri, hazırladıqları şamlar, aksesuarlar, daş tozundan qablara baxırıq.
1-ci mərtəbədə kiçik bir həyət də salınıb. Uşaqlar orada bitkilərə qulluq edir, lazım gəldikdə yenilərini əkirlər. Sonuncu dəfə birgə hazırladıqları kələm turşusu və meyvə şirələri də burada saxlanılır.
Yuxarıdakı otaqda isə, əsasən, rəsm vorkşopları keçirilir. Böyük yığıncaqlar, həmçinin ad günləri də orada təşkil edilir.
Mərkəzin rəhbəri “Humayun” Qeyri-Hökumət Təşkilatının sədri Firəngiz Hüseynovadır. O, təşkilat tərəfindən həyata keçirilən “Yurdum” sosial ekokənd layihəsinin xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyasına dəstək olduğunu dedi:
– Layihənin həmmüəllifləri Zarema Yaqizarova, Firəngiz Hüseynova, Teymur Hüseynov və Vəfa Xəlilovadır. “Yurdum” hər bir fərdin potensialının aşkara çıxara və inkişaf edə biləcəyi bir sosial mühit formalaşdırır. Bizim gündəlik işimiz xüsusi sosial terapiya prinsiplərinə əsaslanır və hər bir fərdin qəlbini, ruhunu və zehnini tərbiyə etməyə yönəlib. Burada musiqi, incəsənət və sənətkarlığı gündəlik fəaliyyətlərimizə daxil edirik və fərdlərin praktiki, sosial bacarıqlarının inkişafına diqqət göstəririk.
Firəngiz Hüseynova onu da vurğuladı ki, layihəni uğurla davam etdirən “Humayun” QHT-nin bəzi əməkdaşlarının beynəlxalq terapevtik icmalarda olan təcrübələri xüsusi qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətini artıracaq mənalı bir mühit yaratmağa imkan verir. Bildirildi ki, layihənin müddəti bu ilin sonunadəkdir.
Vəfa Xəlilova Avropa, Amerika və hətta Asiyada belə icmaların olduğunu qeyd etdi:
– Belə inklüziv sosial icmaların inkişafı ötən əsrin 40-cı illərindən başlayıb. Layihə sağlamlıq problemi olan insanlara xəstəxanadan kənar şəraitdə, yeni yaşayış mühitində yaşamağa kömək etmək məqsədi daşıyır. Bu icmada bütün rollar bir ailədə olduğu kimi paylanıb. Sakinlər bir-birinə qayğı göstərən ailə üzvləri kimi yaşayırlar.
“Yurdum” sosial ekokənd layihəsində çalışan Aytac Məmmədova uşaqların sosiallaşması üçün görülən işlərdən danışdı:
– Gün ərzində icma üzvləri ilə müxtəlif oyunlar keçiririk. Onlara özünəxidməti, eyni süfrədə yemək yemək vərdişləri aşılayırıq. Birgə yemək hazırlayır, daha sonra qabları yuyuruq. Onlarla işləmək çox maraqlıdır. Məsələn, İsmayıl diqqət mərkəzində olmağı sevir. Gözəl əl qabiliyyəti var. Muncuqlarla qolbağ, boyunbağı və digər bəzək əşyaları düzəldir. Diqqətdən kənar qaldıqda, o an reaksiya verir. Şövqü Əhmədov daha çox rəsm çəkməyi sevir. Rənglərə aludədir. Lalə Ağayeva mətbəx işlərini daha çox xoşlayır. Bəzi salatları hazırlaya bilir. Masanı yemək üçün sərbəst hazırlayır. Fərid Ociyev skripkada çalır. Şamxal Xələfli həm mətbəxdə işləməyi xoşlayır, həm də piano çalmağı.
Aytac Məmmədova bəzi insanlarda empatiyanın yaxşı inkişaf etmədiyini bildirdi:
– Xüsusi qayğıya ehtiyacı olan uşaqlar həssas təbəqədəndirlər. Təxminən, 2 il bundan əvvəl belə uşaqların dilənçilik və digər məqsədlər üçün istismarı ilə bağlı sorğu keçirdik. Nəticələr ürəkaçan olmadı. Sorğuda iştirak edənlərin əksəriyyəti onların cəmiyyət üçün elə də faydası olmadığını dedi. Bu, bəzi insanlarda empatiyanın yaxşı inkişaf etmədiyini göstərir. Amma bu il təşkil etdiyimiz sorğuda daha yaxşı nəticələr aldıq. Deməli, əvvəlki illərə nisbətən insanlar başqasını daha yaxşı duyur, onların dərdinə şərik ola bilir. Digər tərəfdən, son illər əlil insanlar üçün peşə bacarıqlarının inkişafı, həmçinin digər sosial tədbirlər həyata keçirilir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ayrılanda artıq qaş qaralır, gün sona çatırdı. Evə hazırlaşarkən uşaqların çox sevdikləri yerdə – mətbəxdə süfrə arxasında onlarla söhbət etdik, arzularını dinlədik.
Onların arasında çox çalışqan bir oğlan var – Şamxal Xələfli. Onun 26 yaşı var. İdmançıdır. Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi atletika və stolüstü tennis yarışlarında yüksək nəticələr qazanıb.
Şamxal “Yurdum”un onun üçün artıq doğma məkana çevrildiyini dedi:
– Hər gün buraya gəlirik. Vaxtımızı şən keçiririk. Oxuyuruq, rəqs edirik. Eyni zamanda, özümüz üçün yemək bişiririk. Çalışıram ki, evdə də anama kömək edim.
Səid Qəniyev:
– 22 yaşım var. Rəsm çəkməyi, musiqiyə qulaq asmağı çox sevirəm. Özüm də idmançıyam. Burada olanda vaxtım şən keçir. Arzum odur ki, hər bir işi özüm görə bilim.
22 yaşlı Şövqü Əhmədov burada çoxlu dostlar qazandığını dedi. Yemək bişirməyi öyrəndiyi üçün çox sevindiyini vurğuladı:
– Sevinirəm ki, yemək bişirməyi bacarıram. Rəsm çəkirəm. İdman edirəm. Bir sözlə, burada hamımızın vaxtı mənalı keçir. Mən də başqaları kimi, hər şeyi bacarmaq istəyirəm.
Lalə Ağayeva:
– “Yurdum” ikinci evimizdir. Biz bir-birimizə kömək edirik. Mətbəx işlərini xüsusilə sevirəm.
Fərid Ociyev:
– Bir-birimizin köməyinə ehtiyacımız var. Birgə olanda bütün işlərin öhdəsindən gəlirik. Çalışıram ki, evdə də özümə qulluq edə bilim.
Həyatın təkcə ağ və qara rənglərdən ibarət olmadığını biz bilirik. Gəlin, xüsusi qayğıya ehtiyacı olan insanların da həyatını rəngarəng edək. Qarşılıqlı dəstək və hörmətə əsaslanan inklüziv icmaların yaradılması üçün onlara kömək edək. Müstəqil yaşamaq üçün zəruri olan qabiliyyət və bacarıqlarının inkişaf etdirilməsinə dəstək olaq.
Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ