Rusiya-Ukrayna münaqişəsinin başlamasından və Avropada yaranan təbii qaz qıtlığından sonra Türkiyə, Azərbaycan və Türkmənistan arasında türkmən qazının tədarükü ilə bağlı danışıqlar intensivləşib. Məlumatı “Anadolu” verib.
İlk addım bu il martın 1-də Türkiyə ilə Türkmənistan arasında qaz sektorunda əməkdaşlığa və karbohidrogenlər sahəsində birgə layihələrin inkişafına yönəlmiş anlaşma memorandumunun imzalanması olub. Növbəti, martın 14-də Türkiyə və Azərbaycan türkmən qazının Azərbaycan və Gürcüstan ərazisi ilə nəqlinə dair saziş imzalayıblar.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, türkmən qazının Türkiyəyə nəqli üçün üç variant nəzərdən keçirilir: İrandan keçməklə və ya İran-Azərbaycan marşrutu ilə, həmçinin daha uzunmüddətli və irimiqyaslı layihə olan Transxəzər qaz kəmərinin tikintisi vasitəsilə.
Onun sözlərinə görə, birinci mərhələdə təxminən 2 milyard kubmetr türkmən qazının idxalı planlaşdırılır. İyulun sonunda Türkmənistana səfəri zamanı Bayraktar daha iddialı planlar açıqlayıb: 20 il ərzində hər il 15 milyard kubmetr qaz idxal etmək.
P.ƏMİRCANOV
XQ