Şamaxı Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib

post-img

Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov konfrans iştirakçılarını salamlayaraq onları Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan söz açıb. Ağsaqqalların Şamaxı rayonunun ictimai-mədəni həyatında da yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib.  Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb.

Sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib. 

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hər kəsi Zəfər Günü münasibətilə təbrik edərək vurğulayıb ki,  bizə bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı,  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb. Qeyd edib ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə  Azərbaycan Ağsaqqallar Şurası özünün böyük inkişaf dövrünü yaşayır. Şuranın 79 şəhər və rayon təşkilatında birləşən 35 mindən çox üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr verir, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bayram Yusifov Şamaxı rayon təşkilatının işinə qiymət verərkən vurğulayıb ki, cəmiyyətimiz ağsaqqallarımızdan daha təsirli və səmərəli fəaliyyət gözləyir.  O, ağsaqqalları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. Ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. 

Konfransda çıxış edən digər natiqlər də ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 









Sosial həyat