BMT-nin Cenevrə ofisində Azərbaycanın mina problemi ilə bağlı yan tədbir təşkil olunub

post-img

Oktyabrın 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində “İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, 40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi qəbul edilməsi təşəbbüsü, minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri məsələləri müzakirə olunub.

BAMF-in prezidenti Umud Mirzəyev tədbirdə çıxış edərək Forumun fəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqında danışıb, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlı inkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə 18-ci DİM təşəbbüsünü dəstəkləməyə, minalara “yox” deməyə çağırıb.

Sonra tədbir iştirakçılarına “DİM18 niyə vacibdir?” adlı videotəqdimat nümayiş etdirilib. Minalarla bağlı kampaniyaya dəstək xarakterli müxtəlif çağırışların yer aldığı videoda mina probleminin statistik aktuallığı da öz əksini tapıb.

Tədbirin moderatoru - Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin Baş Katib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışan panelistləri təqdim etdikdən sonra panel müzakirələri açıq elan olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Nəriman Qasımov çıxışında ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas istiqamətlər və Azərbaycanın minatəmizləmə statistikası barədə məlumat verib, xüsusilə 2020-ci ilin noyabrından indiyədək baş verən mina insidentlərini və mina qurbanlarının sayının çoxluğunu vurğulayıb.

Sonra Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvü Nidal Səlim, Piyadaəleyhinə Mina Qadağası Konvensiyasının İcra Dəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka, kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) Proqram Əməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi Floryan Eblenkamp çıxış ediblər. Tədbirdə, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, tanınmış ictimai xadim Şafak Pavey də iştirak edib.

Çıxış edənləri yalan məlumatları paylaşmaqda və təbliğ etməkdə günahlandıran Ermənistanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Hambardzum Minasyan mina məsələsində ölkəsinin günahsız olduğunu və 2021-ci ildə Azərbaycana mina xəritələrinin təqdim edildiyini bildirib.

BAMF-in prezidenti Umud Mirzəyev ittihamlara cavab olaraq müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini vurğulayıb, minadan zərər çəkən şəxslərin portretlərini göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduqlarını və özünün yaşadığı evin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, bu yan tədbir BAMF-in Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində baş tutub.









Sosial həyat