Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

post-img

Bu il Qazaxıstan noyabrda Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında uzun illərdən sonra ilk dəfə olaraq öz pavilyonunu təqdim edəcək.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Saken Kalkamanov deyib. O əlavə edib: “Azərbaycan qardaş və tərəfdaş respublika kimi bizim dəstəyimizi alır. Biz də digər Mərkəzi Asiya ölkələri və türk dövlətləri ilə birlikdə bu tədbirdə fəal iştirak edəcəyik”.

Onun sözlərinə görə, Qazaxıstan pavilyonu 150 kvadratmetr ərazini əhatə edəcək və aşağıdakı bölmələrdən ibarət olacaq; ekologiya sahəsində nailiyyətlərin nümayişi üçün sahə, panel müzakirələri, sessiyalar, təqdimatlar və yan tədbirlər üçün konfrans zalı, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq şirkətlər, banklar və tərəfdaşlarla memorandumların imzalanacağı görüş zalı.

“Ümumiyyətlə, sərgi dünyada istixana effektinin azaldılması və ətraf mühitin yaxşılaşdırılması məqsədi daşıyır, eyni zamanda, eksponatlarda Mərkəzi Asiya və Xəzəryanı regionlara xüsusi diqqət yetiriləcək. Dövlət başçıları, Ekologiya nazirliklərinin və digər dövlət orqanlarının rəhbərləri illərlə yığılıb qalmış ekoloji problemlərin həlli yollarını tapmağa və onların aradan qaldırılması üçün gələcək addımları müəyyən etməyə çalışacaqlar”, - deyə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sosial həyat