“Zəfərin təntənəsi” adlı tədbiri Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev açaraq deyib ki, 2020-ci ildə, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb.
“Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazılıb. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi.
Mehman Rzayev onu da əlavə edib ki, Vətən müharibəsində iştirak edən və daim hərbçilərimizin yanında olan tibb işçiləri, həkimlərimiz də böyük qəhrəmanlıq göstərərək öz həyatları bahasına minlərlə əsgər və zabitimizin həyatını xilas etdilər.
Sonra çıxış edən kollecin YAP ərazi ilk partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə vurğuladı ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
Digər natiqlər də Zəfər gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, hazırda azad olunan torpaqlarda geniş miqyaslı yenidənqurma və tikinti işləri aparılır, ermənilər tərəfindən dağıdılan şəhər və rayonlarımız, kəndlərimiz yenidən qurulur.
Çıxışlardan sonra tədbir “Zəfər günü” adlı sənədli filmin nümayişi, “Zəfərin təntənəsi” adlı kiçik səhnəcik, Azərbaycana, qələbəyə, rəşadətli ordumuza həsr olunan şer və mahnılarla davam etdirilib.
Sonda “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü” ilə əlaqədar kollecdə müxtəlif nominasiyalarda keçirilən müsabiqələrin və yarışların qalibləri təltif olunub.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri