Məişət zorakılığının qarşısının alınması ilə bağlı Qanuna dəyişiklik müzakirə olunub

post-img

Oktyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Komitənin sədri Hicran Hüseynova iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarından istifadə, habelə bu hüquqların və azadlıqların dövlət təminatı ilə bağlı olan məsələlər qanunla tənzimlənir. Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub. Hazırda bu prosedur həmin Qaydaya uyğun olaraq həyata keçirilir. Yeni təklif edilən dəyişikliklə qeyd olunan prosedurun Qanunda təsbit olunması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, sənəddə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda, məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif olunan dəyişiklik qanunun tətbiqi zamanı səmərəliliyi artıracaq və müraciətə baxan dövlət orqanlarının vəzifəli şəxslərinin məsuliyyətinin artırılmasına gətirib çıxaracaq.

Çıxış edən deputatlar məsələ barədə fikirlərini və qeydlərini səsləndiriblər, dəyişikliklərin məqsədəmüvafiq olduğunu deyiblər.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Sosial həyat