Türkiyənin “Sabah” nəşri oxucularına qarşıdan gələn “Green STEAM Azerbaijan” (SAF 2024) beynəlxalq festivalı haqqında məlumat verib.
AZƏRTAC xəbər verir ki, “Green STEAM Azerbaijan-2024” festivalı davamlı gələcək naminə innovasiyaları təşviq edir” sərlövhəli məqalədə qeyd olunur ki, tədbir oktyabrın 24-dən 25-dək Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.
Dördüncü dəfə keçirilən tədbir yaşıl innovasiyalar, STEAM təhsil sistemi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə həsr olunub.
Festival çərçivəsində “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Gələcəyin mühəndisləri”, “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” kateqoriyaları üzrə yarışlar keçiriləcək, o cümlədən “Yaşıl təşəbbüslər” sərgi-müsabiqəsinin açılışı olacaq.
Məqalədə qeyd olunub ki, tədbirin təşkilatçıları festivala Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər ölkələrdən 10-21 yaş arası iştirakçılardan ibarət komandaların qatılacağını elan ediblər.
Türkiyə tədbirdə 49 nəfərdən ibarət 11 komanda ilə təmsil olunacaq.
Bundan əlavə, festivalın münsiflər heyətinə Türkiyədən 8 nümayəndə daxildir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara