Energetika naziri Pərviz Şahbazov Çində “Bir kəmər, bir yol” enerji nazirlərinin iclası çərçivəsində keçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək” adlı forumda enerji təchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrə əməkdaşlıq mövzusunda çıxış edib.
AZƏRTAC xəbər verir ki, çıxışda diversifikasiyanın bərpaolunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanaraq bildirilib ki, biz enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurət olduğu bir dünyada yaşayırıq. Bazar sabitliyi, etibarlı təchizat və bərpaolunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiya vacibdir. Qeyd olunub ki, Azərbaycanın təşəbbüsü olan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri ilə birləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib: “Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracımızın 75 faizi, qaz tədarükümüzün isə 50 faizi Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu yaşıl enerji ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində yaşıl enerji dəhlizlərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir”, - deyə nazir bildirib.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildən isə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib. “Yaşıl Enerji Zonası” Konsepsiyasının tərkib hissəsi kimi reallaşdırılan və 1 qiqavat ötürmə gücünə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin isə texniki-iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib. Energetika naziri bildirib ki, bu dəhlizlər şəbəkə dayanıqlığının artırılmasında, regionlar arasında daha geniş bərpaolunan enerjinin inteqrasiyasının dəstəklənməsində və balanslaşmanın təmin edilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobal çağırışlara cavab verən unikal layihələrdir. Təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda, təmiz enerjiyə keçidi sürətləndirəcək bu yaşıl enerji dəhlizləri “Bir kəmər, bir yol” təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.
Həmçinin Azərbaycanın yaşıl enerji dəhlizləri və interkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerji təşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çindao