Oktyabrın 21-də Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AKTİ-nin ötən illərə dair yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov AKTİ-nin ölkəmizdəki könüllülük hərəkatında rolunu, könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar. Eyni zamanda, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatması, Azərbaycanda geniş vüsət almış könüllülük fəaliyyətinin aparıcı gücünün məhz gənclər olması qeyd edilib.
AKTİ-nin sədri Yusif Vəliyev rəhbərlik etdiyi dövr ərzində qurumun fəaliyyətini əks etdirən hesabatla çıxış edib. O, könüllülərin ölkənin müxtəlif sahələrində – sosial, iqtisadi, mədəni və ekoloji sahələrdə mühüm rol oynadığını, o cümlədən gənclərin cəmiyyətin inkişafına verdiyi töhfəni və könüllülərin sosial problemlərin həllində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv təşkilatların rəhbərləri mükafatlandırılıb.
AKTİ sədrinin hesabatı dinlənildikdən sonra üzv təşkilatların iştirakı ilə növbəti il ərzində İdarə Heyəti və sədr olaraq təmsil ediləcək namizədlərin seçkisi baş tutub. Keçirilən səsvermənin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən Vüqar Əliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib. Eyni zamanda, növbəti illər ərzində İdarə Heyətinin sədr müavini olacaq namizədlərin də seçkisi keçirilib. Müvafiq olaraq, AKTİ-nin sədr müavinliyinə isə “Ekokönüllülər” qrupunun rəhbəri Səyyarə Məmmədova və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova seçiliblər.
Çıxış edən Vüqar Əliyev göstərilən etimada görə AKTİ üzvlərinə təşəkkürünü bildirib, bundan sonra könüllülüyün hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.