Alimlər: Antibiotiklərin effektivliyi sürətlə azalır

post-img

Alimlər bildiriblər ki, hazırda antibiotiklərin effektivliyi sürətlə azalır və bəşəriyyət penisillinin kəşfindən əvvəlki dövrə qayıda bilər.

AZƏRTAC “Bild” nəşrinə istinadla xəbər verir ki, tibb ictimaiyyəti antibakterial dərmanların effektivliyinin sürətlə aşağı düşməsindən ciddi narahatlığını ifadə edib. İnfeksion Terapiya Cəmiyyətinin prezidenti Matias Ploetzin sözlərinə görə, vəziyyət o qədər ciddidir ki, tibb penisillinin kəşfindən əvvəlki vəziyyətə qayıtmaq riski daşıyır.

Mütəxəssislər bu problemə səbəb olan iki əsas amili müəyyənləşdiriblər. Birincisi, antibiotiklərin əsassız və həddindən artıq istifadəsi, o cümlədən tənəffüs yolları xəstəliklərinin müalicəsində zəruri olmadığı hallarda qəbul olunması. İkinci amil antibiotiklərə davamlı bakteriya ştamlarının yayılmasına kömək edən COVID-19 pandemiyasından sonra beynəlxalq səyahətlərin artması ilə əlaqədardır.

Alimlər xəbərdarlıq edirlər ki, antibiotiklərin nəzarətsiz təyin edilməsi davamlı mikroorqanizmlərin yaranmasına səbəb olur. 2050-ci ilə qədər antibiotiklərə davamlı bakteriyaların yaratdığı infeksiyaların dünyada on milyonlarla insanın həyatına təsir göstərəcəyi proqnozlaşdırılır.

Dünya