“Vətəndaşlar “E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağıra biləcəklər

post-img

Oktyabrın 17-də TƏBİB-in və bir sıra tabeli tibb müəssisələrinin rəhbər heyətinin, eləcə də media nümayəndələrinin iştirakı ilə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirilib.

TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, “2024-2026-cı illər üzrə TƏBİB-in Kommunikasiya Strategiyası”nın müvafiq bəndlərinə əsasən təşkil olunan brifinqdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkilinə dair videoçarx nümayiş etdirilib, həyata keçirilən yeniliklər və tətbiq olunacaq innovativ dəyişikliklərlə bağlı təqdimatlar olub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə çıxışı zamanı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən institusional islahatlardan danışıb: “Bu gün təcili yardım xidməti həyati zəruri sahələrdən biridir. Bu baxımdan kifayət qədər məsuliyyətli və zəhmət tələb edən xidmət sahəsi hesab olunur. Ötən müddət ərzində xidmətin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülüb. Mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində islahatlar hazırda da davam etdirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub. Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub”.

Vüqar Qurbanov bildirib ki, keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəzlənir.

“İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınmışdı. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub”, - deyə V.Qurbanov vurğulayıb.

TƏBİB-in İcraçı direktoru İnnovasiya və Təchizat Mərkəzi tərəfindən bu il sentyabrın 17-də yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanıldığını qeyd edib: “Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda, avtomobillərdən 5-i tam elektrikli avtomobillərdir”.

Vüqar Qurbanov çıxışı zamanı, həmçinin cari ilin 9 ayı ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə daxil olan müraciətlərin sayı barədə də məlumat verib: "2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə isə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib. Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub. Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub".

Daha sonra TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaradılması və fəaliyyəti haqqında" təqdimatla çıxış edib. O, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üçün inkişaf planı və xidmətin əlçatanlığının artırılması üzrə görülən işlər barədə məlumatlar verib: “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üzrə inkişaf planı 3 əsas məqsədə çatmaq üçün planlaşdırılıb. Bunlar təcili tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etməkdir. İnkişaf planına əsasən ambulans parkı genişləndiriləcək və yenilənəcək, briqadaların sayı artırılacaq, stansiyaların və filialların yerləşməsinə yenidən baxılacaq, ambulansların çatma vaxtının azaldılması üçün tam yeni proqram təminatı hazırlanacaq, müasir naviqasiya və marşrut planlaması yaradılacaq”.

Elşad Məmmədli çıxışında bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılacağını da bildirib: “Bu dəfə əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən təcili tibbi yardım xidməti stansiyalarına əlavə olaraq 16 yeni stansiya – filialın yaradılması planlaşdırılır. 10-11 filial TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq. Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək”.

TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov isə çıxışında təcili tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atıldığını vurğulayıb: “Tətbiq ediləcək yeniliklərin Mərkəzin bütün əsas fəaliyyət istiqamətlərini əhatələməsi planlaşdırılır. Burada əsas məqsəd tətbiq ediləcək yeniliklər vasitəsilə operativ fəaliyyətin təşkil edilməsi və eyni zamanda, göstərilən xidmətin keyfiyyətinin maksimuma çatdırılmasıdır. Nəzərdə tutulan fəaliyyət planına əsasən təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçiriləcək”.

V.Ramazanovun sözlərinə görə, nəzərdə tutulan yeniliklərə əsasən vətəndaşlar tərəfindən çağırışların müxtəlif üsullarla həyata keçirilməsi ilə bağlı innovativ imkanlar yaradılacaq. “Vətəndaşlar “E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya videogörüntülü mesajlar göndərə biləcəklər. Həmçinin vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır. Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda, xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub. Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən, hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq. Həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrində çarpayı fonduna dair məlumatlara əlçatanlıq avtomatik şəkildə təmin olunacaq”, - deyə V. Ramazanov diqqətə çatdırıb.

Sosial həyat