Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən oktyabrın 21-25-də təşkil olunacaq növbəti monitorinqlər Bakı və Mingəçevir şəhərləri, İmişli, Yevlax, Neftçala, Şəmkir, Bərdə, Xaçmaz, Oğuz, Astara rayonlarında balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı keçiriləcək.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Monitorinqlər zamanı xüsusi təhlükəli balıq xəstəliklərinə görə laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə subyektlər üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər zamanı götürülmüş nümunələrin institutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri iştirak edəcəklər.
Aparılmış monitorinqlər barədə məlumatlar ictimailəşdiriləcək, həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq hesabata əlavə olunacaq.
AQTA respublika ərazisində epizootoloji monitorinqləri davam etdirir.