Sosial xəbərlər

post-img

9 ayda 800 milyon manat müavinət

Bu ilin yanvar–sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 496 min nəfərə sosial müavinət, 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Bu barədə “XQ”-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 800 milyon manat, Prezident təqaüdləri üzrə 511 milyon manat ödənilib. 9 ayda 113 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 683 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

300 min şəxsə məşğulluq dəstəyi

Dövlət Məşğulluq Agentliyi yanvar – sentyabr aylarında 303 min 300 şəxsi fəal məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 124 min şəxs münasib işlərlə təmin edilib, 11 min 900 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Bu ilin 9 ayında həmçinin 12 min 200 işsiz üçün peşə hazırlığı kursları təşkil edilib, 155 min 200-dək şəxsə peşəyönümü xidmətlər göstərilib.

Səfir uşaqlarla görüşüb

Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olub.

Səfir mərkəzdə reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb. Qeyd edək ki, son günlərdə Ukraynada müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq agentliyin təşkilatçılığı ilə ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilib. Bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dək ukraynalı uşaq ölkəmizə gətirilib və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

Uşaqların reabilitasiya prosesi ilə tanış olan Y.Qusev burada yaradılan reabilitasiya infrastrukturunu yüksək qiymətləndirərək, uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Uşaqlara 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.

Z.BƏŞİRQIZI
XQ



Sosial həyat