Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşüb

post-img

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov oktyabrın 8-də İmişli rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən təsərrüfatlara dəyən zərərlər, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin sığortalanması və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib.

Sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov təsərrüfatlara baş çəkib və fermerlərlə söhbət edib. Fondun rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı, dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.







Sosial həyat