Bu il oktyabrın 2-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində dövlət qurumlarının əməkdaşları arasında velosiped üzrə yarışlara yekun vurulub.
Nazirliyin mətbuat xidmətinin məlumatına gğrə, yarışda 11 dövlət qurumundan 24 əməkdaş (20 kişi, 4 qadın) 3 dairə üzrə 1 km məsafəni qət edərək öz qüvvələrini sınayıblar. FHN-in 4 nəfərdən ibarət velosiped üzrə komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar.
Kişilər arasında yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Cəlal Süleymanov məsafəni bütün rəqiblərindən daha tez qət edərək yarışın qızıl medalına sahib olub. Komandanın digər üzvü Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət kapitanı Sənan Əhmədzadə isə yarışı ikinci yerdə tamamlamağı bacarıb. Qadın əməkdaşların yarışında isə Bakı Regional Mərkəzinin əməkdaşı, leytenant Leyla Əliyeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva yarışın gümüş medalı ilə kifayətlənməyi bacarıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
P.ƏMİRCANOV
XQ