Dünən Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində müzakirə keçirilib.
Məclisi giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, muxtar diyarda media subyektləri və təmsilçilərinin müasir çağırışlara uyğun fəaliyyət göstərməsi, çağdaş yanaşmaların gerçəkləşdirilməsi üçün geniş şərait yaradılıb. O, üstün maddi-texniki baza yaradılması, jurnalist kadrlar hazırlanması, sağlam strukturun formalaşdırılması, obyektivlik, kreativlik baxımından Naxçıvan mediasının uğurlarını diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dövlətin media siyasətinin əsas yönlərini şərh edərək qeyd edib ki, rəhbərlik etdiyi qurum peşəkar mütəxəssislər hazırlanması, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli tədbirlər reallaşdırır. Natiq region mediası üçün dayanıqlı inkişaf mexanizmlərinin formalaşdırılması, media subyektlərinin cari vəziyyətinin qiymətləndirilməsi və inkişaf proqramlarının hazırlanması məqsədilə icra edilən “Regional medianın inkişafı” layihəsinin ilk dəfə Naxçıvanda həyata keçirildiyini söyləyib. İcraçı direktor Naxçıvanın çoxillik tarixi ənənələri olan media subyektlərinin müasir trendlərə, innovativ tətbiqlərə qoşulmasının, beynəlxalq səviyyədə tərəqqisinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxış edərək region mediasında yeniliklərin tətbiqi məqsədilə görülən işlərin ümumilikdə, ölkə mediasının inkişafına xidmət etdiyini bildirib. O, bu addımların regionlarda informasiya mühitinin zənginləşməsinə, media qurumlarının peşəkarlıq səviyyəsinin yüksəlməsinə və daha etibarlı məlumat axınının təmin edilməsinə səbəb olduğunu qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə regional medianın inkişafı istiqamətində MEDİA Agentliyinin və Azərbaycan Mətbuat Şurasının birgə fəaliyyətinin önəmindən söz açıb. MŞ sədri region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiyaya əlçatanlığının təmin edilməsinin və xalqın ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, jurnalistikada davamlı inkişafın təşviqinin vacibliyini nəzərə çatdırıb.
Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova muxtar diyarda medianın ümumi mənzərəsi və inkişaf tendensiyası, yerli media subyektlərinin və nümayəndələrinin fəaliyyəti, onların ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı aparılan sorğuların nəticələrinə dair təqdimatla çıxış edib.
Sonra keçirilən sorğuların nəticələri ilə bağlı Naxçıvan media nümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.